kodlar.az — Azərbaycan dilində informatika, proqramlaşdırma və kompüter elmləri haqqında açıq və ictimai resurs platformasıdır. Layihənin məqsədi texnoloji bilikləri daha əlçatan etmək, yerli icmanı gücləndirmək və paylaşım mədəniyyətini təşviq etməkdir.
Bu repozitoriya saytın kodlarını və onun kontentini hamıya əlçatan edir.
kodlar.az aşağıdakı əsas istiqamətlər üzrə fəaliyyət göstərməyi özünə hədəf tutur:
-
Məqalələr: Alqoritmlər, data strukturları, proqramlaşdırma dilləri və digər fundamental mövzular haqqında Azərbaycan dilində yazılar.
-
Söhbətlər: Proqramçılar, mühəndislər, olimpiada qalibləri və texnologiya ilə məşğul olan insanlarla müsahibələr və müzakirələr.
-
Resurslar: Yol xəritələri, tədris planları və digər faydalı materiallar.
-
Açıq kod yanaşması: Bütün kontent və saytın kodu açıqdır. İstənilən şəxs oxuya, öyrənə və töhfə verə bilər.
Layihə kommersiya məqsədi daşımır və icma tərəfindən formalaşdırılır.
kodlar.az platforması texnologiya ilə maraqlanan hər kəs üçün açıqdır və aşağıdakı qruplara xüsusilə faydalı ola bilər:
-
Məktəblilər: İnformatika fənni ilə maraqlanan, olimpiadalara hazırlaşan şagirdlər, proqramlaşdırma sahəsində öz yolunu tapmaq istəyən gənclər.
-
Tələbələr: Kompüter elmləri/mühəndisliyi, proqramlaşdırma yaxud əlaqəli sahələrdə təhsil alan universitet tələbələri.
-
Proqramçılar və mühəndislər: Peşəkar inkişaf üçün yeni biliklər əldə etmək istəyən proqramçılar, həmçinin yerli texnologiya icması ilə əlaqə qurmaq istəyənlər və töhfə verərək öz biliklərini paylaşmaq istəyənlər.
kodlar.az açıq kodlu layihədir və hər kəsin töhfələrinə açıqdır. Töhfələr müxtəlif şəkillərdə ola bilər:
-
Məqalələr yazmaq: Yeni mövzular üzrə məqalələr yazaraq biliklərinizi paylaşa bilərsiniz. Bu mövzular texniki yaxud qeyri-texniki ola bilər: kontent Azərbaycan dilində olmalıdır və kodlar.az auditoriyası üçün maraq kəsb etməlidir.
-
Söhbətlərdə iştirak etmək yaxud təşkil etmək: kodlar.az platformasında söhbətlər aparmaq və ya qonaq olmaqla təcrübənizi paylaşa bilərsiniz.
-
Resurslar əlavə etmək: Faydalı tədris materialları, yol xəritələri və digər resurslar təqdim edə bilərsiniz.
-
Kod töhfələri: Saytın funksionallığını yaxşılaşdırmaq, səhvləri düzəltmək və ya yeni xüsusiyyətlər əlavə etmək üçün kod yazaraq layihəyə qatqı verə bilərsiniz.
-
Rəy bildirmək: Mövcud kontent haqqında rəy verərək və ya yeni ideyalar təklif edərək layihənin inkişafına kömək edə bilərsiniz.
Bunların hamısı haqqında daha detallı şəkildə CONTRIBUTING.md sənədində izah olunub.
Layihə açıq və hörmətə əsaslanan icma yaratmağı hədəfləyir. Bütün iştirakçılardan qarşılıqlı hörmət gözlənilir.
Ətraflı məlumat üçün CODE_OF_CONDUCT.md sənədinə baxın.
Layihə ilə bağlı suallarınız, təklifləriniz və ya digər əlaqə məsələləriniz üçün SUPPORT.md sənədinə baxa bilərsiniz.
"Kontent" dedikdə kodlar.az saytında yerləşən bütün yazılar, məqalələr, söhbətlər, şəkillər və digər materiallar nəzərdə tutulur.
Bu layihənin bütün Kontenti Creative Commons Attribution-ShareAlike 4.0 International (CC BY-SA 4.0) lisenziyası ilə qorunur. Kontenti istifadə edərkən və paylaşarkən bu lisenziyanın şərtlərinə riayət etməyiniz xahiş olunur.
CC BY-SA 4.0 lisenziyası sizə aşağıdakı hüquqları verir:
-
Paylaşmaq — Kontenti istənilən mühitdə və formatda kopyalaya və yenidən paylaşa bilərsiniz.
-
Uyğunlaşdırmaq — Kontenti dəyişdirə, inkişaf etdirə və üzərində yeni işlər yarada bilərsiniz (hətta, kommersiya məqsədilə).
Lakin bu şərtlərə mütləq əməl etməlisiniz:
-
İstinad (Attribution) — Orijinal mənbəni (kodlar.az) açıq şəkildə qeyd etməlisiniz.
-
Eyni lisenziya (ShareAlike) — Dəyişdirilmiş və ya uyğunlaşdırılmış versiyalar da eyni CC BY-SA 4.0 lisenziyası altında paylaşılmalıdır.
-
Əlavə məhdudiyyət yoxdur — Lisenziyanın icazə verdiklərini məhdudlaşdıran hüquqi və ya texniki maneələr əlavə edilə bilməz.
"Kod" dedikdə kodlar.az saytının proqram təminatı, skriptlər və digər proqramlaşdırma komponentləri nəzərdə tutulur. Kontentlər bu kateqoriyaya daxil olmur.
Layihənin kod bazası isə MIT Lisenziyası ilə qorunur. Bu sizə layihənin kodunu istənilən məqsədlə istifadə etmək, kopyalamaq, dəyişdirmək və paylaşmaq hüququ verir.
Layihənin texniki detalları və istifadə olunan texnologiyalar haqqında məlumat üçün TECHNICAL.md sənədinə baxın.
Layihə Abutalıb "Barış" Namazov tərəfindən yaradılıb. Veb saytın ilkin dizaynı Abdulla Abdullazadə tərəfindən hazırlanıb.
Layihəyə töhfə verən bütün iştirakçılara təşəkkür edirik!